-cu il"Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı"     Heydər Əliyev   

Məqalələr
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər





İkinci Dünya Müharibəsində Azərbaycanın rolu
Heydər Əliyev "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı"

Heydər Əliyev

Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1941-45-ci illər müharibəsində qələbənin 60 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli proqramın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru, professor İmran Cəfərzadə ilə görüşüb Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatdırılmasında azərbaycanlı əsgər və zabitlərin hərbi əməliyyatlarda iştirakı, Azərbaycan diviziyaları və Bakı neftinin müharibə illərində rolu barədə söhbətləşdik:
- Müharibə başlanan günlərdə Azərbaycanda kütləvi hərbi səfərbərlik elan edildi, 18-49 yaşlı vətəndaşlar ordu sıralarına çağırıldı, 600 min döyüşçü cəbhəyə yola salındı, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün Dövlət müdafiə fonduna böyük həcmdə maddi yardım və neft məhsulları göndərildi.
1941-ci ilin iyun ayının 22-də alman faşist ordusu qəflətən bütün cəbhə boyu böyük qüvvə ilə Sovetlər İttifaqına qarşı hücuma başlayanda Azərbaycanın igid və cəsur oğlanları silaha sarılıb odlu-alovlu döyüşlərə yollandılar, hər qarış torpaq uğrunda sinələrini sipər etdilər.
Azərbaycan Sovet Federasiyasının subyekti kimi bütün maddi imkanlarını və hərbi mükəlləfiyyətli vətəndaşlarını səfərbər edərək vahid ölkə ilə birlikdə ikinci dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin təmin edilməsində fəal iştirak edib.
Azərbaycan vətəndaşları müharibənin birinci günlərindən başlayaraq bütün cəbhələrdə alman-faşist ordusuna qarşı mərdliklə vuruşur, qəhrəmanlıq nümunəsi göstərirdilər. Azərbaycanlı əsgər və zabitlər müharibənin başlandığı günlərdə SSRİ-nin qərb cəbhəsinin son sərhəd nöqtəsi olan Brest qalasında ilk döyüş əməliyyatlarında iştirak etmiş, ilk zərbələrə sinə gərmiş və cəsarətlə döyüşmüşlər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynnbala Əliyev göstərdiyi şücaətə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə həmyerlimiz İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi.
Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğnrunda döyüşlərdə fəal iştirak etmiş və nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərmişdilər.
Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
- Müharibədə Azərbaycan diviziyalarının rolu barədə nə deyə bilərsiniz?
- Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan İ.V.Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünnyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhnrəmanı adına layiq görülmüşdü.
Azərbaycanın 77-ci milli atıcı diviziyası müharibəyə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralni vodı uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhramanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi.
Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradan başlanan döyüşlər 10 gün davam etdi, qələbə bayrağını 1943-cü ilin 7 mayında serjant Əbduləziz Qurbanov sancdı.
Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verildi.
Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl İbrahimov xüsusilə fərqləndi.
77-ci diviziya 1944-cü ilin iyul ayından başlayaraq Pribaltikada və Rusiyada gedən döyüşlərdə fəal iştirak etdiyinə görə, onun yüzlərlə əsgər və zabiti orden və medallarla təltif edildi, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Ümumilikdə 77-ci Simferopol dağ-atıcı Azərbaycan milli diviziyası döyüş əməliyyatlarına Krımdan başlamış və 11000 kilometrə yaxın məsafəni qət edərək, müharibəni Berlində qurtarmışdı. Diviziyanın döyüş yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar yetişmiş və onların hər biri böyük sərkərdəlik məharəti göstərmişlər.
23-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayında Şimali Qafqazdan başlayaraq, Ukrayna və Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budlvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medalnlarla təltif edilmişdi.
1942-ci ilin fevral ayından 1943-cü ilin iyun ayına qədər Heybət Heybətov diviziyanın komandiri olmuşdu. Onun komandanlığı altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi. General Heybət Heybətov müharibə illərində general rütbəsi almış Həzi Aslanov və Yaqub Quliyev ilə yanaşı üçüncü azərbaycanlı generalıdır. Müharibə illərində həmin diviziyada komandan olmuş 6 nəfərin arasında general Heybət Heybətovun 17 ay komandirlik fəaliyyəti daha zəngindir.
Diviziyanın bütün alayları: 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelintski ordeninə layiq görülmüşdü. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qroznı- Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlənmişdi. Həmin döyüşlərdə 833-cü alayın komandiri mayor Akim Abbasov və 840-cı alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər.
1944-ci ilin əvvəlində 402-ci milli diviziyanın sıravi heyətinin 75%-i, komanda heyətinin 50%-i azərbaycanlılardan ibarət idi. Komanda heyətinin milli tərkibini gücləndirmək məqsədilə diviziyaya respublikadan azərbaycanlı hazırlıqlı və təcrübəli komandirlər heyəti göndərildi. Diviziyada siyasi tərbiyə işlərinə respublikadan 300 nəfərdən çox partiya işçisi göndərilmişdi. Görkəmli yaradıcı ziyalılardan Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Bülbül Məmmədov, Niyazi Hacıbəyov, Mustafa Topçubaşov, Heydər Hüseynov və digərləri dəfələrlə həmin diviziyada olmuşlar.
16-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi.
1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görüldü.
1943-cü ilin iyulundan sonra diviziyaya general mayor Heybət Heybətov komandanlıq etmişdir. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bildi.
Diviziyanın 1368-ci atıcı alayı Qırmızı Bayraq ordeni, 1054-cü topçu alayı Suvorov ordeni, 444-cü əlahiddə topçu divizionu Boqdan Xmelnitski ordeni, 348-ci əlahiddə sanitar batalyonu Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.
Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi.
16-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu.
May ayının 3-də marşal G.K.Jukov başda olmaqla birinci Belorussiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər.
16-cı milli diviziya II dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslavinyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 ambarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.
Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. Diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edildi, onun qələbələri şərəfinə Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə ansamblı yaradıldı, Taqonroqda, Kiyevdə, Nikolayev və Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edildi.
- Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi.
-Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. Böyük Vətən müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.
Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I-ci tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". Bu məqsədlə hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.
Buna baxmayaraq 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi, və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.
Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar".
Nikita Xruşşov memuarlarında xatırlayır ki, ABŞ ikinci dünya müharibəsinə başlayanda Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalin demişdi: "Aha, bu gündən motorlar müharibəsi başlanajaqdır". Həqiqətən də motorların döyüşü başlandı.
O vaxt Hitler də anlayırdı ki, "motorlar müharibəsində o ölkə qalib gələcəkdir ki, onun tankları, təyyarələri üçün kifayət qədər yanacağı olacaq".
İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən N.K.Baybakov demişdir:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".
Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.
Sovet-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovski müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri motorlar müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstərmişlər.
Marşal K.K.Rokossovski həmin fikri belə şərh etmişdi: "Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır".
Marşal A.A.Qreçko yazmışdır ki, "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".
İngiltərə hökuməti və Avropanın hərbi dairələri, Amerika Birləşmiş Ştatları rəhbərliyi yəqin etdilər ki, Hitler Sovetlər İttifaqının Urala qədər ərazilərini və Bakı neftini də zəbt edərsə, onun dünya ağalığı ilə mübarizə aparmaq mümkün olmayacaqdır.
Bu həqiqətən belə idi. Çünki Avropanın 60-a qədər dövlətinin hərbi texnikası 1941-ci ilə qədər bazalarda hərəkətsiz dayandığı halda müharibə başlanandan sonra bütün cəbhələrdə 20 minə qədər təyyarəsi və o qədər tankı, avtomaşını, motoskleti döyüşlərdə böyük həcmdə yağ və benzin işlədirdi. Elə buna görə də çoxları deyirdilər ki, kim Bakı neftinə sahib olsa o da qalib gələcəkdir.
Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, ikinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".
Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".

Faiq XASAYOĞLU

© 2005-2010. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi.

Rambler's Top100 Site Meter